Rusiya Kiyevdə "Flamingo" zavodunu vurdu

12:49 02.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya ordusu ötən gecə Kiyev şəhəri və Kiyev vilayətində yerləşən hərbi təyinatlı obyektlərə və enerji infrastrukturu obyektlərinə uzaq mənzilli və yüksək dəqiqlikli raketlər və dronlarla kütləvi zərbə endirib.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Kiyev şəhərində “Flamingo”, FP-7 və FP-9, “Neptun-MD” raketləri üçün idarəetmə sistemləri istehsal edən “Radioniks” müəssisəsi, Ukrayna ordusunu “Lyutıy”, “Magura UA” və digər PUA-larla təmin edən “Atlon Avia” Elmi və İstehsalat Şirkəti vurulub.

 

Məlumatda bildirilib ki, Ukraynanın pilotlu hərbi təyyarələrin hazırlanması və istehsalı, “Lyutıy” dronlarının yığılması üçün əsas istehsal bazası olan "Antonov" Dövlət Müəssisəsinə zərbə endirilib.

Eyni zamanda kəşfiyyat və hücum dronları üçün nişangahlar, istiqamətləndirici cihazlar və komponentlər, eləcə də aviasiya, zenit sistemləri və elektron müharibə sistemləri üçün elektronikanı modernləşdirən və istehsal edən Kiyev Radio Zavodu, "Lima" radio elektron mübarizə sistemini istehsal edən “Kiyev-25” zavodu, PUA-ları, döyüş başlıqlarını və sursatları, eləcə də xaricdən idxal olunan komponentlərin saxlandığı "MLP-Çayka" Nəqliyyat və Logistika Mərkəzi də hədəflər arasında olub.

Həmçinin, Kiyev qarnizonuna və döyüş zonasına dizel yanacağı tədarük edən “Kiyev-3” yanacaq və sürtkü yağları anbarı, hərbi obyektləri dəstəkləyən qaz paylayıcı stansiya vurulub.

Rusiya qüvvələri Kiyev, Dnepropetrovsk, Poltava, Çerkasi və Çerniqov vilayətlərindəki hərbi aerodrom infrastrukturuna da zərbələr endirib.

Qeyd olunub ki, bu, Kiyev, Xarkov və Dnepropetrovskdakı müəssisələrə, hərbi aerodromlara hücum edildiyi 15 iyundan bəri Ukraynaya qarşı ilk kütləvi zərbədir.